Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının indiki (Masallı rayonunun), Qasımlı kəndində anadan olmuşdur. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı.
O, 1941-ci ildə Masallı Rayon hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. 1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başından ağır yaralanaraq alman ordusu tərəfindən əsir götürülür. Əsirlikdə olarkən Stalino (indiki Donetsk) və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. SSRİ Hökumətinin 10 saylı Fərmanına əsasən 19 noyabr 1944-cü ildə ingilis komandanlığı tərəfindən 2909 nömrəli eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır. 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. Daha sonra öz doğma kəndinə qayıtmış və Mirhüseyn ağadan dini təhsil alaraq məsciddə Quran dərsi verərək öz bilik və bacarığını gələcək nəsillərə öyrətmişdir.
O azərbaycan türkcəsilə yanaşı, həm də rus və ərəb dillərini də bilirdi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 27.01.1958-ci il tarixli "alman-faşist işğalçıları ilə döyüşlərdə və ya Böyük Vətən müharibəsi dövründə əsirlikdən qaçarkən göstərdiyi şücaətə görə keçmiş hərbi əsirlərin SSRİ-nin orden və medalları ilə təltif edilməsi haqqında" Fərmanına uyğun olaraq, Fəyyaz Fərəcov "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı və "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir. 7 may 1975-ci ildə "Böyük Vətən müharibəsində Qələbənin otuz illiyi", 23 Mart 1978-ci ildə "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi", 30 noyabr 1980-ci ildə "Əmək veteranı" medalları ilə təltif edilmişdir.
6 aprel 1985-ci ildə SSRİ Müdafiə Nazirliyi tərəfindən ikinci dərəcəli BVM ordeninə layiq görülmüşdür.
16 mart, 1997-ci ildə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin Masallı rayon şöbəsi tərəfindən Fərəcov Fəyyaz Qasım oğluna özəlləşdirmə payı verilib.
Uzun sürən xəstəlikdən sonra 19 may, 1998-ci ildə Masallı rayonunun, Qasımlı kəndində vəfat edib və elə oradaca kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.